Son zəng...11-cilərin günü.

May ayının son günü... illərdən bəri arzulanan və həsrətlə gözlənilən gün .... Son zəng...11-cilərin günü. Lakin nədənsə onlar qayğılı və kövrək görünürlər. Səbəb aydındır. Bu gün onlar üçün son zəng səslənəcək. Hər birinin qəlbindən belə bir arzu keçir: Zəng çalan, nə olar əlini saxla,Bir şagird ömrünü uzat bir az da.Bu məktəb, bu bina, bax bu divarlar,Mənim olmayacaq son zəng çalanda. Dahi Niyazinin möhtəşəm “Vals”ının sədaları altında düzülən 11-cilər həmişəkindən daha ciddi və qayğılı görünürdülər.Onların şərəfinə bəzədilmiş məktəb həyətində, məhz onlar üçün sələndirilən “Məktəb illəri”nin sədaları altında ağ geyimdə ağ göyərçin timsallı məzunlar görən nə düşünürlər? Düşünürlər ki, məktəb, sən demə, ən sevimli bina imiş, ən gözəl, mənalı ,qayğısız keçirilən ömür məktəb illəri imiş. Məktəb ən ülvi hisslərin başlanğıcı imiş. Bu illər ərzində “bir müəllim töhmətiymiş” dərdimiz”... Nəmli gözlər xəyalən məktəbin sinif otaqlarını, dəhlizləri gəzir: Qoyun bir dəfə də “mənimdir”- deyib Sinif otağını gəzim doyunca Zəng çalan, nə olar bununçün sənə Minnətdar olaram ömrüm boyunca – deyirlər. Məktəbi bitirən 101 nəfər məzunun hər birinə pay düşdü: müəllimlərinin təbriki, ürək sözləri, tövsiyələri.... Tədbirin fəxri qonaqları arasında Səbail rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə, sabiq direktorlar Afət Bakıxanova və Bela Cəlilova da var idi. Təhsildəki uğurlarına, məktəbin ictimai həyatında fəal iştirakına görə məzunlardan Afət Məmmədova, Gülər Əzizova və Fidan Məmmədova diplom və qiymətli hədiyyə ilə təltif edildilər. Onbirincilər sonuncu dəfə müəllimləri qarşısında “imtahan verdilər”. Bu imtahan bir-birindən gözəl mahnılardan və baxımlı, şux rəqslərdən ibarət idi. Məzunların çıxışı T.Quliyevin “Sevgi valsı”ilə yekunlaşdı. İncə zövqlə seçilmiş bədii nömrələr və məharətli ifa göz oxşayır və hər kəsə xoş ovqat bağışlayırdı. “Tək arzum budur ki,zəng çalınmasın...”- deyə vaxtı bacardıqca uzatmağa çalışan məzunlar zaman qarşısında aciz idilər. Ayrılıq vaxtı çatmışdı.... lakin kimsə məktəb həyətini tərk etməyə tələsmirdi.... Ağ məktəbli köynəkləri xatirə dəftərinə çevrilirdi, arzular dilə gəlmişdi.... Direktor Ceyran xanım Kuliyevanın şəxsən xüsusi həsssaslıqla yanaşdığı bu tədbir hər bir məzun üçün unudulmaz xatirəyə çevrilmiş oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi