Yeni dərs ili ərəfəsində Prezident bizə öz xeyir-duasını verdi.

Təhsilə verilən önəm, görülən işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Cənab prezidentin təhsilin inkişafına göstərdiyi qayğı, diqqət təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir. Son illər müasir məktəb binalarının tikilməsi, yeni korpusların inşası, aparılan əsaslı təmir işləri, maddi-texniki bazanın gücləndirilməsi bunun bariz nümunəsidir. Yüksək şəraiti ilə seçilən, müasir təhsil avadanlığı ilə diqqət çəkən belə təhsil ocaqlarından biri də bizim 189-190 №-li məktəbdir. Prezident Cənab İlham Əliyev sentyabr ayının 3-də məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə şəxsən tanış olmuşdur.Cənab Prezident məktəbdə yaradılmış Heydər Əliyev muzeyində, məktəbin yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs lavazimatları ilə təchiz edilmiş fənn kabinetlərində, şagirdlərin nəzəri bilikləri tətbiq etmələri üçün zəruri avadanlıqlar quraşdırılmış fizika və kimya laboratoriyalarında, gənclərin çağırışaqədərki hərbi hazırlığı kabinetində, günüuzadılmış qrup otağında, idman zalında olmuş, məktəb həyətində aparılmış abadlıq işləri ilə tanış olmuşdur. Prezidentə bu ilin aprel ayından başlanan əsaslı təmir və yenidənqurma işləri barədə geniş məlumat verilmişdir. Nəzərdə tutulan işlər qısa müddətdə yüksək səviyyədə yerinə yetirilmiş, məktəb kökündən müasir tələblərə cavab verəcək səviyyədə tam yeni görkəm almışdır. Cənab Prezident məktəb binasında görülən işlərdən razı qalmış, kollektivə uğurlar arzulamışdır. Dövlət rəhbərinin,ölkə başçısının xeyir-duasını almış məktəb kollektivi yeni dərs ilinə yüksək əhval-ruhiyyə ilə başlayıb. Bu bilik ocağında keyfiyyət,müasirlik və incə zövq vəhdət təşkil edir.Pedaqoji kollektiv sağlam ideya- mənəvi dəyərlərə söykənərək bu tədris ilini yüksək göstəricilərlə başa vurmaqda qərarlıdır.