31 mart Azərbaycan Respublikasında Azərbaycanlıların soyqırımı günü

1998-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı fərmana əsasən, 31 mart Azərbaycan Respublikasında azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu gün məktəbimizdə keçirilən tədbir tariximizin bu qanlı səhifəsinə həsr edilmişdir. Erməni təcavüzünün tanıdılması ictimai birliyi və Ailə, Qadın və Uşaq komitəsinin əməkdaşlarının iştirak etdikləri tədbiri giriş sözü ilə açan məktəbin direktoru bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyi tarixində baş vermiş ən faciəli hadisə kimi qeyd etməklə yanaşı, hər bir Azərbaycan vətəndaşına, xüsusilə gənclərə, məktəblilərə bu qanlı səhifələrdən dərs götürməyi tövsiyə etdi. Təkrarlanan faciələrin başlıca səbəbinin məhz bizim unutqanlılığımızla bağlılığını vurğuladı. Tədbirdə öncə Erməni təcavüzünün tanıdılması ictimai birliyi tərəfindən hazırlanmış “Onlar heç vaxt böyüməyəcəklər” adlı qısametrajlı film nümayiş etdirildi. Filmin nümayişindən sonra məktəbin tarix müəllimi Lalə Məmmədova tərəfindən 31 mart soyqırımı ilə bağlı hazırlanmış təqdimat və ətraflı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırıldı.