Gözəllik yaradan insan!
6 “f” sinfi Azərbaycan dili dərsliyində “Daşyığan əmi” mətni ilə tanış olduqdan sonra ilk baxışdan adi görünən daşlardan qeyri – adi, təkrarsız gözəllik yaratmağın mümkünlüyünə əmin oldu. Hər kəs artıq qarşısına çıxan daşa tam başqa bir gözlə baxmağa başladı. Dərsin davamı isə hər daşında tarix yatan qədim bir məkanda – şəhər içində şəhərdə - İçərişəhərdə keçdi. Şəhərin özü qədər maraqlı olan bir sakininin – Mir – Teymur Məmmədovun qonağı olduq. Onun evini dar – dolanbac küçələrdə tapmaq bizə elə də çətin olmadı, çünki evin fasadı çoxsaylı keramik fiqurlarla bəzədilmişdi. Qapını bizə özü açdı: təmkinli, nurani simalı, başında araqçın. Həyətə keçdik və əsl muzeyə, sehrli bir aləmə düşdük. Divarlara keramikadan hazırlanmış saysız – hesabsız fiqurlar yapışdırılmışdı. Süjetli fiqurlar bir nağılı xatırladırdı. Baxmaqdan doymaq olmurdu. Əli, Nəzrin, Məryəm, Rafiq.... bir sözlə, uşaqların hamısı gördükləri bu mənzərəyə heyran olmuşdu. Baxdıqca baxır, birini də gözdən qoymurdular. Rəssamın təbii, nadir və müalicəvi xüsusiyyətə malik olan gil haqqında verdiyi məlumat xüsusi maraq doğurdu. Sən demə, dünyada mövcud olan 128 növ gilin 98 – nə Azərbaycanda rast gəlinir. Şagirdlər rəssamı sual yağışına tutdu. O, isə təmkinini pozmadan hər birini ətraflı cavablandırmağa çalışırdı. Keramika ustası bizi emalatxanasına dəvət etdi və məktəblilər burada iş prosesi ilə tanış oldular. Şagirdlərdəki həvəsi görən usta onlara gildən fiqur düzəltmək imkanı da verdi. Rafiq, Əli və Fatimə bacarıqlarını nümayiş etdirdilər. Bu, onlara çox xoş gəldi. Təəssüratlarını bölüşəndə Mir – Teymur belə bir yekun vurdu: “Mənə də bu iş zövq verir. Gillə işləyəndə ruhum sanki dincəlir.”Gildən gözəllik yaradan keramika ustası və rəssamla görüş, gördükləri və eşitdikləri uzun zaman şagirdlərin xatirində yaşayacaq.