Tariximizin qan yaddaşı

“Vətən şəhidlərini heç vaxt unutmayacaq 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutur. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Sabah "Qanlı Yanvar"ın 25-ci ildönümüdür. 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. ... Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragürahuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi.Məhz Ümummilli liderimizin siyasi uzaqqörənliyi sayəsində "Qanlı Yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verildi.Qanlı tarix İllər, əsrlər ötsə də, bu söz dəyişməyəcək. Bu, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir. "1990. 20 Yanvar". İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib.Hər birimiz Şəhidlər xiyabanına gedərkən içərimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur. Başqa cür ola da bilməz!Yox, bu gün ürəyimiz ağrısa da, biz ağlamayacağıq! Hər bir şəhid - istər yaşlı, istər gənc, istərsə də körpə - bizim hər birimizin vüqarıdır. Gəlin vüqarlı olaq! “Bu fikirlər bu gün məktəbimizdə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbirdə məktəbin direktoru Ceyran Kuliyevanın çıxıçından götürülüb. Hər il olduğu kimi bu il də biz tariximizin qan yaddaşını xatırladıq, bu məqsədlə 16-19 yanvar tarixində bütün siniflərdə 20 Yanvar faciəsinə həsr olunmuş dərslər təşkil edildi.Məktəbin foyesində və sinif otaqlarında təşkil edilmiş güşələrdəki şagirdlərimiz tərəfindən bu mövzuya həsr edilmiş divar qəzetləri tər qərənfillərlə çərçivələnmışdir.Akt zalında keçirilən əbədi-bədii tədbirdə səslənən şerlər və musiqi nömrələri insan qəlbini riqqətə gətirməklə bərabər, hər bir Azərbaycan gəncini vətənpərvərlik, əzmkarlıq və mübarizlik hisslərinə sövq edirdi.