“Fam Tram” layihəsində iştirakımız

Azərbaycan Respublikası Təhsil Nazirliyi zamanın tələblərinə söykənən bir çox layihələrə imza atır. Bu qəbildən olan layihələrdən biri də “Fam Tram” layihəsidir. “Fam Tram – bütün ailənin tramvayıdır” devizi ilə keçirilən bu layihə şagirdlərin təlim-tərbiyəsində böyük əhəmiyyət kəsb edir. Ekskursiyalar, canlı dərslər və digər maraqlı tədbirləri özündə birləşdirən “Fam Tram” layihəsi bütün ölkəni əhatə edir. Ekskursiyalar ölkə daxilində fabrik və zavodları, tarixi yerləri, emalatxana, muzey, qalereya və teatrları əhatə edir. Canlı dərslər isə müxtəlif sahələri: elm, tətbiqi incəsənət, mühəndislik və dizaynı özündə birləşdirir. Aktyorluq məharəti, animasiya bacarığı və təxəyyülün inkişafı ingilis dili kurslarının fəaliyyətinə daxildir. Tematik tədbirlərin təşkilini isə pikniklər, intellektual oyun, ailə və uşaq bayramları, korporativ tədbirlərdə uşaqların asudə vaxtlarının təşkili işi daha da zənginləşdirir. “Fam Tram” layihəsinə məktəbimizin ingilis dili müəllimi Yeganə Teymurovanın rəhbəri olduğu 7 A sinfi də qatılıb və Respublika İncəsənət Muzeyində olublar. Burada onlar müxtəlif qruplarda canlı dərslərdə iştirak edərək bilik və bacarıqlarını nümayiş etdirdilər. Şagirdlərin müxtəlif tullantılardan düzəltdikləri əşyalar, modellər, çəkdikləri şəkillər göz oxşayıb. Novruz bayramının atributları sayılan səməni, qalıq parçalardan hazırlanan mütəkkələr, tikmə əl işləri onların sevincinə səbəb olub, özünə inam hissinin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edib. Əyləncəli və intellektual oyunların təşkili şagirdlər tərəfindən maraqla qarşılanıb. Qədim xalçaçılıq sənətinin sirlərini öyrənən qızların sevincinin həddi-hüdudu olmayıb 7 A sinfi Respublika İncəsənət Muzeyindən böyük təəssüratlarla qayıdıb.