Məktəbdə “Ekologiya və iqtisadiyyat” aylığı təşkil edilib

Şagirdlərdə ekoloji tərbiyənin formalaşdırılması məqsədilə məktəbimizdə bir sıra tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, 2015-ci ildə məktəbimizin şagirdləri Gülər Əzizova və Ayna Zərbəliyeva “Sabahın alimləri” Respublika müsabiqəsində “Ekologiya” bölməsi üzrə I yerə layiq görülmüşlər. Məktəbdə fəaliyyət göstərən “Ekoklub” şagirdlərin ekoloji cəhətdən maarifləndirilməsi istiqamətində də bir sıra maraqlı tədbirlər həyata keçirir. Eyni zamanda məktəb olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Ekoloji aylıqlar” layihəsinə həvəslə qoşulmuşuq. Yanvar ayında “Ekologiya və iqtisadiyiyat” mövzusu ətrafında keçirilən tədbirlər çərçivəsində VI - VII sinif şagirdləri müxtəlif ekoloji tullantılardan (sellafon qapaqlar) silgilər, qələmdanlar, qutular və oyuncaqlar hazırlayıblar. Şagirlər tərəfindən hazırlanmış əl işlərindən ibarət sərgi təşkil olunmuş, sərgidən sonra həmin ləvazimatlar ibtidai siniflərə hədiyyə edilib. VII sinif şagirdlərinin iştirakı ilə iməclik təşkil edilib, məktəbin həyətyanı sahəsində təmizlik işləri aparılmış və çoxlu meyvə ağacları əkilib. “Ekoloji aylıqlar” çərçivəsində bir sıra maraqlı tədbirlərin təşkili planlaşdırılıb. Qısa müddət ərzində kağız və plastik qablardan ibarət makulaturanın təşkili nəzərdə tutulub.