"Məktəblinin Dostları" məktəbimizdə

Artıq Bakı məktəblərində Təhsil Nazirliyi və Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar Agentliyinin birgə həyata keçiridiyi “Məktəblinin dostu” layihəsinə start verilib. Layihənin məqsədi tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığının və məmnunluğunun artırılmasıdır. Ölkəmizin təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən "Məktəblinin dostu" layihəsi dünyanın müxtəlif ölkələrində çeşidli adlarla uğurla sınaqdan çıxarılıb. Burada əsas hədəf məktəb-təhsilalan-valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsilalana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. Məktəblinin dostları məktəbdə iş vaxtının əvvəlindən sonuna kimi məktəb ərazisinə nəzarət edəcək, məktəblinin təhlükəsizliyini qoruyacaq, fövqəladə hal baş verdikdə müəllim heyətinə və şagirdlərə ilkin yardım göstərəcəkdir. “Məktəblilərin dostları gülərüz, uşaqların məsləhətçiləri, böyük qardaş və bacıları olacaqlar”. Doğrudan da fəaliyyətə başladıqları 15 gün ərzində biz, “Məktəblinin dostları”nın sözün həqiqi mənasında şagirdlərin dostu, sirdaşı, himayədarı olmalarının şahidi olduq. Ilk gündən məktəbin rəhbərliyi tərəfindən bütün şagird kollektivinə (I – XI ) və müəllimlərə yüksək səviyyədə hörmət və ehtiramla təqdim edilən “Dostlar”la kollektiv arasında yaranmış qarşılıqlı səmimiyyət məktəbimizdə təlim - tədris prosesinin yüksəlməsinə zəmin yaradacaq, eyni zamanda şagird məmnunluğunu, şagirdə hörmət, sevgi, inam, qayğı və bərabər imkanların yaradılmasını təmin edən mühitin formalaşmasına gətirib çıxaracaq.Pilot layihə əlaqələndiricilərinin təşəbbüsü və iştirakı ilə keçirilən valideyn iclasında da məhz layihənin məqsəd və məramı həm koordinator Fərrux Hüseynov, həm də məktəbin direktoru tərəfindən valideynlərə tam açıqlandı. Valideynlərin bu layihəyə olan müsbət münasibəti onların çıxış və təkliflərində də özünü biruzə verdi.Müəyyən müddətdən sonra Təhsil Nazirliyi, Asan Xidmətlə birlikdə monitorinq keçirəcək. Monitorinqdə şagirdlərin, valideynlərin və məktəb heyəti üzvlərinin fikri öyrəniləcək.Biz əminiki ki, bizim məktəbimizin, eləcə də, bu layihəni dəstəkləyən bir sıra məktəb kollektivlərinin timsalında bu layihə uğura imza atacaq və nəinki, Bakı şəhərində hətta, rayonlarda belə geniş tətbiq olunacaq.