Beynəlxalq olimpiadanın qalibiyik

Bu ilin sentyabrında “Rus dilinin biliciləri” Beynəlxalq olimpiadasının I turu həyata keçirildi. Olimpiadaya Azərbaycan, Gürcüstan, Qırğızıstan, Latviya, Litva, Belarusiya, Qazaxıstan, Ermənistan, Moldova və Estoniya respublikalarından 2000–dən çox VII–XI sinif şagirdləri qatılmışdır. Final mərhələsinə vəsiqə qazanan 11 məktəblidən ikisi Azərbaycanı təmsil edirdi ki, onlardan biri də məktəbimizin X sinif şagirdi Rəhimə Abbasova idi.Olimpiadanın final mərhələsi 30 noyabr–01 dekabr tarixlərində Moskva şəhərində Rusiyanın “Drujba Narodov” universitetinin Müəllimlərin təkmilləşməsi fakultəsində keçirildi.Final mərhələsinə 2 mərhələnin (I mərhələdə qrammatik biliklərin online test vasitəsiylə yoxlanması, II mərhələdə esse və ya yaradıcı işin təqdim olunması) qalibləri dəvət olunmuş, III mərhələ isə qaliblərin mükafatlandırılması ilə başa çatmışdır.Final mərhələsində, eyni zamanda, qalib şagirdlərin Moskvaya dəvət olunmuş müəllimləri üçün də maraqlı seminarlar təşkil olunmuşdur. Moskva şəhərinin görməli yerləri ilə tanışlıq,“Tretyakovsk” qalereyasına ziyarət olimpiada iştirakçılarının yaddaşında silinməz xatirələrlə qalacaq.Tədbirin sonunda qalib şagirdimiz Rəhimə Abbasova və müəllimi Lalə Pənahovaya müvafiq mükafat və sertifikatlar təqdim olundu.Növbəti uğurlara imza atacağına əminliklə Rəhiməni ürəkdən təbrik edirik!