Bilik yarışması
Bu il 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasının , qələbə sevincinin II il dönümünü yaşayırıq. Xalqımızın tarixində ən qürurlu səhifələrindən biri olan Vətən müharibəsinin tarixini öyrənmək və qələbə sevincini bizə yaşadan şəhidlərimizin ruhunu anmaq məqsədilə oktyabrın 28- də məktəbimizdə tarix və coğrafiya kafedralarının təşkilatçılığı ilə bilik yarışması keçirilmişdir. “Qarabağ dünən, bu gün, sabah” mövzusunda keçirilən bu yarışmada IX-X sinif şagirdlərinin “Dəmir yumruq”, “Zəfər”, “Şərq çinarı”, “Xarıbülbül”, “Xudafərin” komandaları iştirak edirdi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldıqlarından sonra dövlət himni səslənmiş və “Qarabağ dünən” mövzusunda videoçarx təqdim olunmuşdur. Qarabağın tarixi, ermənilərin bu bölgəyə köçürülməsi, soyqırımlar, torpaqlarımızın 90- cı illərdə işğalı bir daha şagirdlərin diqqətinə çatdırılmışdır.
3 raunddan ibarət olan bilik yarışmasının hər raundunda 10 sual səslənmişdir. Qarabağın coğrafiyasına I Vətən müharibəsinin tarixinə, I və II Qarabağ müharibələrinin qəhrəmanlarına, aprel və Tovuz döyüşlərinə aid suallar komandalar tərəfindən cavabılandırılmışdır. Bilik yarışmasında 7 a sinif şagirdləri Axundov Rüstəm və Fərhad qardaşlarının Vətən müharibəsinə, torpaqlarımızın azad edilməsinə həsr etdikləri videoçarx, Qarabağda gedən bu günkü quruculuq işlərini əks etdirən video təqdimat da şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Münsiflər heyətinin qərarına əsasən 9 a sinfinin “Xarıbülbül” komandası I yerə 9 c sinfinin “Şərq çinarı” komandası III yerə layiq görülmüş və diplomlarla təltif olunmuşdular. Bilik yarışması 8 b sinif şagirdi Əli Məmmədovun ifasında “Vətən yaxşıdır” mahnısı ilə yekunlaşdırılmışdır.