Övladlarımızda humanizm dəyərlərinin təbliği

Məktəb rəhbərliyi tərəfindən şagirdlərdə humanistlik, milli mənəvi dəyərlərə hörmət hisslərinin tərbiyə olunması məqsədiylə Bakı şəhərindəki Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2N-li ümumi orta internat məktəblə məktəbimiz arasında əməkdaşlıq edilməsi qərara alınmışdır.Bu məqsədlə internat məktəbin 15 şagirdi məktəbin direktor müavini Kamran müəllimin rəhbərliyi altında məktəbimizə dəvət edilmiş V, VI, VII sinif şagirdləri gün ərzində həmyaşıdları ilə dərslərdə iştirak etmişlər. Azərbaycan dili, Azərbaycan tarixi, ingilis dili, riyaziyyat, ədəbiyyat dərslərində şagirdlərin eyni sinif şagirdləri ilə qaynayıb qarışması, dərs prosesindəki əməkdaşlığı, bilik və bacarıqlarının paylaşması hər kəsə xoş ovqat bəxş etmişdir.Dərs məşğələlərindən sonra rəhbərlik tərəfindən təşkil edilən hər 2 məktəb şagirdlərinin “İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruq muzeyinə,Şirvanşahlar Sarayı muzeyinə ekskursiyaları şagirdlər arasında ünsiyyətin daha da dərinləşməsinə xidmət etdi.Qonaqları məktəbimizin Heydər Əliyev muzeyi ilə tanış edən direktor Ceyran Kuliyeva muzeydəki eksponadlar barədə şagirdlərə ətraflı məlumat verməklə yanaşı,Ümummilli Liderin müstəqil Azərbaycanın yaradıcısı kimi əvəzsiz xidmətlərindən ətraflı söz açdı.Tədbirin sonunda şagirdlərlə dəyirmi masa ətrafındakı söhbət zamanı direktor məktəblilərin bugünki görüş barədə təəssüratları ilə bölüşdü.Gələcəkdə hər iki məktəb şagirdləri arasında bilik yarışları, idman, rəsm, musiqi müsabiqələrinin keçiriləcəyini, təcrübəli müəllimlərimizin internat məktəbdə nümunəvi dərslərinin təşkil ediləcəyini bildirdi.Bakı şəhərindəkı Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2№-li ümumi orta internat məktəbin rəhbərliyi belə bir layihənin təşkilinə görə məktəbimizin rəhbərliyinə dərin təşəkkür etməklə yanaşı, bu görüşün məktəbimizdə qonaq olan şagirdlərin həyatında unudulmaz, yadda qalan bir hadisəyə çevriləcəyindən əminliyini bildirdi.