Müəllimlərimizin uğuru
Səbail Rayon İcra Hakimiyyətində “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin və musiqi məktəblərinin direktorları və müəllimləri iştirak etmişlər.
Tədbirdə çıxış edən RİH başçısının müavini Kəmalə Həşimova “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri təbrik edərək qeyd etmişdir ki: “Ümummilli lider Heydər Əliyev müəllim peşəsinə, müəllim əməyinə yüksək qiymət verərək demişdir: “Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən yer üzündə müəllim adından yüksək ad tanımıram”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etdiyini diqqətə çatdıran Kəmalə Həşimova Ölkə başçısının elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun son 10 illik fəaliyyətini də xüsusi vurğulayaraq Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə təhsilin inkişafı ilə bağlı reallaşdırılan kompleks tədbirlər nəticəsində bu sahədə böyük uğurlar əldə olunduğunu qeyd etmişdir.
Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən və rayonun ictimai-siyasi həyatında fəallıq göstərən təhsil işçiləri ilə yanaşı məktəbimizin Təlim Tərbiyə işləri üzrə direktor müavini Pənahova Lalə və Fiziki tərbiyə müəllimi Cəfərov Namiq Səbail Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmişlər. Məktəbin rəhbərliyi və kollektivi adından müəllimlərimizi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.