Məktəblərarası əməkdaşlıq və pedaqoji heyətin davamlı inkişafı layihəsi

Fəaliyyət planının 1.2.6 və 1.2.10 bəndlərinə əsasən məktəblərarası təcrübə mübadiləsi (səriştəli müəllimlərin nümunəvi dərslərinin təşkili) və pedaqoji heyətin davamlı peşəkar inkişafının təmin edilməsi məqsədiylə şəhərimizin 6, 7 ,18, 49, 91 nömrəli məktəblərinin rəhbərləri müxtəlif fənlər üzrə müəllimlər tərəfindən nümunəvi dərslərin təşkil edilməsini və bu dərslərdə digər məktəblərin müəllimlərinin iştirak etməsi- təcrübələrini paylaşmasını qərara almışlar. Bu layihənin ilk mərhələsi bizim məktəbimizdə təşkil olunmuşdur. Məktəbimizdə ibtidai siniflər üzrə riyaziyyat, eləcə də V-XI siniflərdə kimya,tarix və ingilis dili fənn müəllimlərinin nümunəvi dərsləri təşkil olunmuşdur. Dərslərdə 6,7,18,49,91 nömrəli məktəblərin müəllimləri iştirak etmiş və sonda bütün dərslər iştirakçılar tərəfindən müzakirə olunmuşdur. Müzakirələrdə müxtəlif məktəblərin səriştəli və peşəkar müəllimlərinin dinlədiyi dərslər barədə müsbət fikirləri ilə yanaşı, dəyərli fikir və təkliflərinin səslənməsinin pedaqoji heyətin peşəkar inkişafına xidmət edəcəyi qaçılmazdır. Tədbirin təşkilatçısı, məktəbin direktoru Ceyran Kuliyeva müzakirələrdəki iştirakı zamanı bu layihənin əhəmiyyətindən söz açdı. Belə layihələrin pedaqoji heyətin davamlı peşəkar inkişafına xidmət edəcəyinə əminliyini bildirdi. 6,7,18,49, və 91 nömrəli məktəblərin rəhbərliyinə və müəllimlərinə bu layihəyə qatıldıqlarına görə öz minnətdarlığını bildirdi. Növbəti nümunəvi dərslər layihəyə qatılan digər məktəblərdə təşkil olunacaq. Ceyran Kuliyeva yalnız müəllimlərarası deyil, həm də şagirdlərarası əməkdaşlığın formalaşması məqsədiylə layihə başa çatdıqdan sonra, yaxın gələcəkdə belə dərslərin online dərslərlə əvəzlənməsinin də mümkünlüyünü qeyd etdi.