21 sentyabr Beynəlxalq Sülh Gününü qeyd edirik.

“Azadlıq, bərabərlik və ədalətlə yanaşı, sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Sülhün carçıları gələcəyimiz olan uşaqlardır. Uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar. Sülhün carçıları olan göyərçinlərin uşaqlar tərəfindən daha çox sevilməsi də buradan irəli gəlir. Lakin çox təəssüf ki, hələ də bəşəriyyətin tam təhlükəsizliyi təmin olunmayıb. Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir.”- Bu fikirlər Beynəlxalq Sülh Gününə həsr olunmuş dərslərdə müəllim və şagirdlər tərəfindən səsləndi, şagirdlərin sülhə dair rəsmləri sinif otaqlarındakı lövhələrlə yanaşı məktəb həyətindəki asvalt üzərində də yer aldı. Söylənən fikirlər, çəkilən rəsmlər şagirdlərimizin Yurdda sülh ! Cahanda sülh! arzularını ifadə etdi.