Məzun şəhidimizin fədakarlığı bizlərə örnəkdir!
Bu günlərdə məktəbimizin şəhid məzunu mayor Fərid Ələkbərovun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu.
Fərid Ələkbərov Türkiyədə hərbi təhsil almış, daha sonra Gəncə şəhər N saylı hərbi hissədə xidmət etmişdir. Heydər Əliyev adına Ali Hərbi məktəbində baş müəllim vəzifəsində çalışmışdır. 2020-ci il Vətən müharibəsi zamanı Murov dağının yüksəkliklərinin alınması, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabr ayının 9-da Xankəndi istiqamətində gedən döyüşlərdə ayağından qəlpə yarası almasına baxmayaraq, döyüşü davam etdirərək düşmənin canlı qüvvəsini məhv edib taboru mühasirədən xilas etmişdir.Bu döyüşdə şəhidlik zirvəsinə ucalmışdır. Fərid Ələkbərov müharibədə göstərdiyi sücaətə görə “Vətən uğrunda”, “Şuşanın azad olunması uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilmişdir.
II Fəxri Xiyabanda təşkil edilən şəhidin anılması tədbirində Yasamal rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin yaxınları, iş yoldaşları və döyüş yoldaşları, eləcə də, məktəbin direktoru Ceyran Kuliyevanın rəhbərliyi ilə məktəbin bir qrup müəllim və şagirdlər iştirak etmişlər. Şagirdlərimiz tədbirdə ürək sözlərini söylədikləri şeirlərlə ifadə etmişlər.
Həmin gün məktəbimizdə şəhid mayor Fərid Ələkbərovun anım gününə həsr edilmiş dərslər keçirilmiş, şagirdlərə şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolu haqqında məlumat verilmişdir. Fəridin Vətən sevgisi, Vətən qarşısındakı fədakarlıqları gələcək nəslə nümunə kimi göstərilmişdir. Allah şəhidlərimizə rəhmət etsin!