Haqq yolunun yolçuları
Məktəbimizdə şanlı Zəfər Günü ilə əlaqədar “Haqq yolunun yolçuları” adlı tədbir keçirildi. Tədbirdə 44 günlük vətən müharibəsində öz canlarından keçən məktəbimizin qeyrət, şərəf simvolları olan şəhidlərimizin valideynləri, yaxınları, YAP Səbail rayon təşkilatının üzvləri iştirak etdi.
Qonaqlar əvvəlcə məktəbdə yaradılan “Qarabağ Azərbaycandır!” muzeyni ziyarət etmiş,şəhidlərimizə, Zəfər paradına,eləcə də Qarabağın tarixi,dahi şəxsiyyətləri, mədəniyyət və incəsənəti, flora və faunası, yeraltı və yerüstü sərvətlərinə həsr olunan stendlərlə tanışlıqdan sonra ədəbi-bədii tədbirə qatıldılar. Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə məktəbin direktoru Ceyran Kuliyeva açdı. O, Azərbaycan xalqının əzmi, iqtisadi gücü, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi, Ali Baş Komandanın qətiyyət və iradəsi sayəsində 44 günlük müharibədə əldə olunan qələbəmizdən qürurla söz açdı, Vətən, yurd sevgisi ilə tərbiyə olunan şəhidlərimizin qanı hesabına əldə olunan zəfərin, bir vətəndaş olaraq, qoruyub saxlanılmasının vacibliyini bildirdi. Tədbirdə məktəbimizin məzunu, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Elşən Məmmədovun ifa etdiyi “ Xudayar təsnifi” qəlbləri sızlatdı.
Əziz Vətən oğulları! Sizin göstərdiyiniz hər bir qəhrəmanlıq, sücaət biz gənclərə örnəktir. Hər bir Azərbaycan vətəndaşı öz şəhidini tanımalı, onların keçdiyi həyat yolundan çox şey öyrənməlidir. Bu, qərinələr ötsə belə, nəsillər bir- birini əvəz etsə belə qəlblərə ğömüləcək ! Qarşınızda baş əyirik! Ruhunuz şad olsun!
Qəhrəmanın, qəhrəmanlıqların bol olsun, Azərbaycan!