Yeni dərs ilinə başladıq
Bu gün respublikamızın I-IV sinifləri üzrə yeni dərs ilinə start verildi. Bizim kollektivimiz də yeni dərs ilinin səbirsizliklə gözlənilən ilk gününə birincilərə həsr olunan tədbirlə başladı. Ənənəvi” Bilik Günü”ndən fərqli olaraq birincilər tədbirimizə valideynlərsiz qatıldılar. Tədbirdə çıxış edən direktor builki birinciləri- qalib və zəfər çalmış ölkənin təhsil pilləsinə ilk qədəmlərini atanları təbrik etdi,onlara uğurlar dilədi. İlk dərslərin təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunmasını qeyd edən direktor məktəbimizdə yaradılan Qarabağ Azərbaycandır! guşəsindəki eksponat və materialların şagirdlərimizin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində əvəzsiz rolu olacağını xüsusi vurğuladı.
Çoxdan divarları soyumuş, dəhlizləri səs-səmirsiz qalan təhsil ocağımız II-IV sinif şagirdlərini də böyük sevgi ilə qoynuna aldı. Qarabağ Azərbaycandır! mövzusuna həsr edilən biri-birindən marağlı dərslər şagirdlərimizdə yeni qürur və fəxarət hissləri oyatdı.