“Qarabağ Azərbaycandır!” guşəsi yaradılıb

Məktəbimizdə “Qarabağ Azərbaycandır!” guşəsinin açılışı olub.

 Açılışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəbin direktoru Ceyran Kuliyeva iştirak edib.

Hər bir stendlə tanış olan Mehriban xanım bu guşənin yaradılmasını yüksək dəyərləndirib və gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında belə təşəbbüslərin əhəmiyyəti barədə danışıb. “Azərbaycanın musiqi beşiyi, Qafqazın konservatoriyası” stendi qarşısında Azərbaycanın dilbər guşəsi Şuşanın tarixi və mədəniyyətindən bəhs edən M.Vəliyevanın fikirləri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Qarabağ Azərbaycandır!” guşəsində vətənpərvərlik, qəhrəmanlıq mövzularına aid kəlamlar əks olunub. Guşənin qarşısında “Zəfər Paradı”, “Bizi yaşadanları biz də yaşadaq”,  “Qərənfildən Xarıbülbülə gedən yol”, “Qarabağın flora və faunası”, “Qarabağın yeraltı və yerüstü sərvətləri”, “Qarabağın ədəbi-mədəni mühiti”, “Qarabağ dahilər diyarı”, “Azərbaycanın musiqi beşiyi, Qafqazın konservatoriyası” və “Şuşa”, “Kəlbəcər”, “Zəngilan”, “Laçın”, “Füzuli” adlı stendlər əks olunub.

 “Zəfər Paradı” stendi qarşısında dayanarkən türk dünyasının mərdanə duruşlu 2 böyük liderinin qələbə müjdələri ilə amansız, rəzil düşmənə və onun havadarlarına meydan oxuduqlarını hiss etmək mümkündür.

“Bizi yaşadanları biz də yaşadaq” və “Qərənfildən Xarıbülbülə gedən yol” stendləri şəhadətə ucalan şəhidlərimizə həsr olunub. Gülümsər baxışlarıyla ürəkləri titrədən şəhid övladlarımız bu stendlərə yaxınlaşanlara sanki “Bizləri kədərlə deyil, fəxarətlə xatırlayın” deyirlər.

Bu qələbəni yaşadan şəhid və qazilərimizin vətənpərvərlik tərbiyəsində əvəzsiz rolu olan “Mürəkkəbə çevrilən qanları ilə tarix yazanlar” stendi Vətən müharibəsində şəhid olan Azərbaycan müəllimlərinə həsr olunub. Guşənin tam mərkəzində məktəbin məzunu Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov tərəfindən müzeyə hədiyyə edilən müqəddəs “Şuşa torpağı” ən dəyərli eksponat hesab edilə bilər. Cünki minlərlə şəhid qanı məhz bu zəfərin ən uca zirvəsi olan Şuşa uğrunda tökülüb.

“Şuşa”, “Kəlbəcər”, “Zəngilan”, “Laçın” və  Qarabağın digər bölgələrini əks etdirən stendlərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin azad edilmiş rayonlarımıza səfərləri zamanı ən diqqətçəkən məqamlar, bu ərazilərin tarixi, işğalı və onlara xas xüsusi keyfiyyətləri əks olunub. “Qalib xalqın zəfərini tərənnüm etməkdən qürur duyuruq” başlıqlı şagirdlərimizin rəsm əsərləri guşəyə xüsusi gözəllik və ovqat bəxş edib.

Guşənin yaradılması ideyasının müəllifi olan rəhbərlik əmindir ki, müəllimlər dərslərini məhz bu guşədə həvəslə keçəcəklər. Bu dəhliz artıq şagirdlərin qaçıb- əyləndiyi bir məkan yox, Azərbaycanın zəfər, mərdlik, qəhrəmanlıq tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərini təbliğ edən bilik məbədinə çevriləcək. Bu guşənin yaradılmasına görə məktəbin rəhbərliyi övladının təhsilinə, millətimizin gələcəyinə dəyər verən valideynlərə öz təşəkkürünü  bildirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi