Keçmişdən bu günə - Zəfərə gedən yolun tarixi

1828-ci ildən kimlərinsə əli ilə zəhərli xəncər kimi tariximizə saplanan erməni hiyləsi, erməni xəyanəti, erməni terroru müxtəlif vaxtlarda xalqımızın başına gətirilən faciələrin birbaşa səbəbkarı oldu. “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər xalqımıza qarşı əsrlər boyu vəhşilik, soyqırım törətməkdən, tariximizi saxtalaşdırmaqdan, mədəniyyətimizi özününküləşdirməkdən çəkinmədilər. Soydaşlarımız bir əsrdə dörd dəfə (1905-1907, 1918-1920, 1943-1948, 1988-1993-cü illərdə) erməni millətçilərinin məqsədyönlü soyqırım və deportasiya siyasətinin qurbanına çevrildilər. Əsrin əvvəllərində dədə-baba torpaqlarımız olan İrəvanın, Göyçənin, Zəngəzurun itirilməsi ilə başlayan işğalçılıq siyasəti əsrin sonlarında Dağlıq Qarabağ və ətraf yeddi rayonun da zəbt olunması ilə sona çatdı.

Təəssüf ki, sərhəd qonşularımızı biz seçə bilmirik. Bizim payımıza bu coğrafiya, bu tarix, “erməni” adlı xəstə ruhlu qonşular yazılıb. Öz tarixi, öz torpağı, öz mədəniyyəti olmayan bu “bədbəxt” xalq hansı dövlətin tərkibində, hansı xalqın qonşuluğunda yaşayıblarsa, həmişə onlara qarşı satqınlıq ediblər.

1985-ci ildə M. Qorbaçovun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi vəzifəsinə seçilməsi və başlatdığı “yenidənqurma” siyasəti ölkədə xaosa səbəb oldu. Həmişə yaranmış vəziyyətdən öz xeyirlərinə istifadə etməkdə mahir olan ermənilər üçün bundan yaxşı fürsət ola bilməzdi. İllərlə kinli qəlblərində olan Qarabağ sevdası yenidən alovlanan ermənilər Qərbi Azərbaycandan soydaşlarımızı qovur, Sumqayıtda, Dağlıq Qarabağda münaqişələr törədirdilər və bu münaqişələr müharibəni qaçılmaz edirdi. 1990-cı ilin 20 Yanvar faciəsi isə bu hadisələrin kulminasiya nöqtəsi oldu. Beləliklə, 1-ci Qarabağ müharibəsi başladı.

Müharibə sözü mənim yaşıdlarım olan uşaqlar üçün yad məfhum deyil. Axı biz 1-ci Qarabağ savaşını yaşamışdıq. Bu savaşda nələr görmədik ki?! Ağrı-acı, qan-qada, axan göz yaşları, hər gün gələn şəhid xəbərləri, anaların ah-naləsi, öz yurd-yuvalarından didərgin salınmış soydaşlarımız, Xocalı, Qaradağlı, Kərkicahan, Bağanis-Ayrım faciələri, itirilmiş torpaqlarımız, sınmış qürurumuz........ Zaman xalqımızın əleyhinə işləyirdi. Yeni yaranmış dövlət, nizami ordunun olmaması, tez-tez baş verən hakimiyyət dəyişikliyi, kreslo davaları ölkəni daha da çıxılmaz vəziyyətə salırdı. Ermənilərin isə iştahı bitib-tükənmək bilmirdi. Ərazi iddiaları daha da artırdı. Belə olan halda ən doğru addım atəşkəsin imzalanması idi. Beləliklə, ulu öndər Heydər Əliyevin səyi nəticəsində atəşkəsə nail olundu. Bütün bu müddət ərzində Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən inkişaf etməli, qaçqın və köçkünlərimizin problemləri həll olunmalı, beynəlxalq səviyyədə Azərbaycan həqiqətləri dünyaya çatdırılmalı, güclü ordu qurulmalı idi. “Əsrin müqaviləsi”nin imzalanması bu yolda atılan ilk addım oldu. Daha sonra Bakı-Ceyhan neft kəmərinin çəkilməsi, nəhəng layihələrin icrası, qonşu dövlətlər arasındakı sıx əlaqələr Azərbaycanı iqtisadi cəhətdən güclü dövlətə çevirdi. Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması, İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqə qurması həmin təşkilatların məsələ ilə bağlı düzgün qətnamələr qəbul etməsinə gətirib çıxardı.

Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həll olunması üçün yaradılan ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti isə göz qabağında idi. Prezidentin də qeyd etdiyi kimi ilk dövrlərdə münaqişənin sülh yolu ilə həll ediləcəyinə müəyyən ümidlər var idi. Ancaq 30 ilə yaxın vaxt ərzində aparılan danışıqların heç bir nəticəsi yox idi. Çünki ikili standart aparan hegemon dövlətlər və beynəlxalq təşkilatlar bu münaqişənin həllində maraqlı deyildilər. Minsk qrupunun həmsədrləri ermənilərin diktəsi ilə münaqişənin hərb yolu ilə həllinin olmadığını təkrarlayırdılar. Heç bir əhəmiyyət kəsb etmiyən, boş-boşuna keçirilən monitorinqlər artıq Azərbaycan tərəfindən qəbul edilmirdi. Ermənistanın cinayətkar dövlət başçılarının 30 il ərzində tutduqları işğalçı mövqelərindən əl çəkməmələri, beynəlxalq qanunlara, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaları danışıqların nəticəsiz olduğunun göstəricisi idi. Ali Baş Komandan isə torpaqlarımızın bir qarışını belə güzəştə getməyəcəyini təkrarlayırdı. Ancaq bu halda danışıqlardan söhbət gedə bilərdi.

Hər dəfə cəbhədən eşitdiyimiz “Atəşkəs yenidən pozulub. Düşmən cavab atəşi ilə susdurulub” kimi xəbərlər, şəhidlərimizin olması, danışıqların isə heç bir nəticə verməməsi xalqın da, dövlətin də əsəblərini tarıma çəkirdi. Danışıqlar prosesini uzatmaqda ermənilərin həm də bir məqsədi var idi: Xalqı da, dövləti də “Qarabağsız Azərbaycan” ilə barışdırmaq istəyi! 2016-cı il aprel döyüşləri isə bir daha sübut etdi ki, aradan keçən illər xalqın Qarabağ sevgisini, vətən, yurd həsrətini söndürə bilməyib.

Ermənistanın Baş Naziri N. Paşinyanın Şuşada yallı getməsi, sərxoş halda “Qarabağ Ermənistandır. Nöqtə” deyə sərsəmləməsi, Şuşanı qondarma rejimin paytaxtı elan etməsi müharibəni qaçılmaz edirdi. Tovuz döyüşləri isə səbrimizi daşıran son damla oldu. Ali Baş Komandanın müraciəti ilə xalqın əli silah tutan, ürəyi Vətən eşqi ilə döyünən övladları könüllü olaraq hərbi xidmətə yazıldılar. Müharibə artıq qaçılmaz idi. 30 il ərzində bizi susdurmağa çalışan qüvvələr unudurdular ki, artıq qarşılarında iqtisadiyyatı, ordusu zəif olan Azərbaycan deyil, “Mən nəyi nə zaman edəcəyimi yaxşı bilirəm” deyən qətiyyətli prezidenti, güclü ordusu, vətənini canından da əziz tutan oğulları və Türkiyə kimi qardaş dövləti olan Azərbaycan var!

Sentyabrın 27-də başlayan və 44 gün sürən müharibə 10 noyabr günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Beləliklə, Ermənistanın öz ordusu, dağılmaz  sədləri haqqında dünya ictimaiyyətində yaratdığı yenilməzlik mifi puç oldu. Bu müddət ərzində Ermənistan və onun havadarları tərəfindən müharibəni dayandırmaq üçün Azərbaycan rəhbərliyinə diplomatik və siyasi təzyiqlər göstərildi. Bütün  bu təzyiqlərə mərdliklə sinə gərərək onları dəf edən Prezident İlham Əliyevin dünyanın aparıcı kanallarına verdiyi 30-a yaxın müsahibə informasiya məkanında da dövlətimizə qarşı olan hücumları darmadağın etdi.

Hakimiyyətə gəldiyi gündən Qarabağın azadlığını özünün ən ali məqsədi hesab edən İlham Əliyev böyük səbrlə və xalqına söykənərək, xalqın birliyinə, ordumuzun gücünə arxalanaraq dünya dövlətlərinə öz müqəddəratımızı özümüzün həll edə biləcəyimizi sübut etdi. Ali Baş Komandanın  “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızın haqq uğrunda savaşının əsas qayəsinə çevrildi.  Beləliklə, haqq öz yerini tapdı, tarixi ədalət bərqərar olundu. Canı-qanı bahasına bizə qələbə sevincini yaşadan, sınmış qürurumuzu bərpa edən, doğma yurd yerlərinə qovuşduran şəhidlərimizin ruhu qarşısında baş əyir, ordumuza, igid oğullarımıza, qələbə hissini bizə yaşadan hər kəsə dərin minnətdarlığımızı bildiririk.

 

189-190-li məktəbin direktoru             Ceyran Kuliyeva

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi