Xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi yad edilir
İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi doqquz il keçir. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Əsrlər boyu türk dünyasına qənim kəsilən, azərbaycanlılara qarşı daim kin, nifrət və intiqam hissi bəsləyən erməni analarından fərqli olaraq, analarımız övladlarını düşmən tərəfindən əzilən, döyülən, öldürülən, müdafiə olunan, məzlum, fağır yox, düşmən üzərinə gedən, intiqamını almağı bacaran mərd, cəsarətli, mətin ruhda tərbiyə etdi. 44 günlük əfsanəvi II Qarabağ müharibəsindəki qələbəmizlə biz bunu sübut etdik. Qəlbi daim Vətən eşqilə döyünən şəhid, qazi, əsgərlərimizin Ali Baş Komandanımız başda olmaqla möhtəşəm qələbəsi Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsi oldu.
Hər il olduğu kimi bu il də bugünkü ilk dərslərimiz Xocalı faciəsinə həsr olunmuş,məktəbin foyesində mövzu ilə bağlı şagirdlərimizin rəsmlərindən və maraqlı kompazisiyalarından ibarət guşə təşkil edilmiş,müəllim və şagirdlərin iştirakı ilə videoçarxlar hazırlanmışdır. YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi, Humanitar Məsələlər və Dini Qurumlarla İş şöbəsinin müdiri Elmin İmanov, YAP Səbail rayon təşkilatı idarə heyəti üzvlərinin iştirakı ilə keçirilən videokonfransda öncə dil-ədəbiyyat müəllimləri Natəvan Həsənova, Pərvanə Səfərəliyeva və şagirdlərin iştirakı ilə hazırlanmış ədəbi-bədii kompazisiyanın videoroliki nümayiş etdirildi.Sonra tədbirə qatılan mötəbər qonaqlar tariximizin qanlı səhifələrinin yaddaşlardan silinmədiyini, torpaqlarımızın işğaldan azad olunması uğrunda ölkə başçısı Cənab Prezidentin qətiyyət və siyasi səriştəsi sayəsində Müzəffər Ordumuzun qələbəsindən, füsünkar Qarabağımızın işğaldan azad olunmasından söz açdılar.
Tədbirə yekun vuran Ceyran Kuliyeva böyük fəxarət hissiylə qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Bu gün bu zəfəri yalnız xalqımız deyil, minlərlə şəhidlərimizin şad olan ruhu da yaşayır. Allah bütün şəhidlərimizə rəhmət etsin!