Doğma məktəbə qayıdış
Artıq doğma məktəb üçün könlü həsrətlə titrəyib əsən ibtidailər məktəbə qayıdışları ilə səssiz və soyuq məktəb divarlarını, sinif otaqlarını öz isti nəfəsləri ilə isitdilər. Müəllimlər və şagirdlər təbii ki, distant təhsili müddətində canlı ünsiyyətdə olmamışlar. Hazırda müəllim və şagirdlərin pandemiya dönəminin qaydalarına əsasən bir-birinə yaxın gedə bilməmələrinə rəğmən gözlərindəki sevinci sezməmək mümkün deyil. Görünür bu sevinc hisslərinin mənbəyi yalnız şagird və müəllim birliyi deyil, şagird nəfəsi, gülüşü, hay-küyü ilə isinən müqəddəs məktəbdir.
Əyani dərsin ilk günü 4f sinif şagirdləri üçün ikiqat sevindirici oldu. “Vətənin qəhrəman oğulları” və “ Şəhidlik zirvəsi” adlı videoçarx müsabiqəsində biri-birindən maraqlı və insanı kövrəldən videoçarxları, işğaldan azad edilmiş doğma Qarabağımızın əsrarəngiz bölgələrinin hər biri haqqında hazırlanan şagird təqdimatlarına görə məktəb rəhbərliyi tərəfindən 4f sinif şagirdləri, valideynləri və sinif müəllimi Nigar Fiqarovanın diplomla təltif olunmaları onlar üçün gözlənilməz olduğu qədər də sevindirici oldu.
Arzumuz budur ki, ibtidailərin doğma məktəbə qovuşması ilə bağlı yaşadığı sevinc hissləri tezliklə beş-onbirincilərə də nəsib olsun. Bu isə bizlərin Covid 19 infeksiyasının yayılmasının qarşısının alınması, kollektiv təhlükəsizlik və sağlamlığının qorunması barədə qaydalara daha ciddi əməl etməyimizdən, daha məsuliyyətli olmağımızdan asılıdır.