Ölüm sevinməsin qoy
Nailə Mirməmmədli! Bu ad və soyad xalqımızın düşüncəsində müxtəlif təəssüratlarla yaşayacaq: bir bəstəkar kimi... Amma şagirdlərinin qəlbində şirin bir xatirəyə dönən sevimli müəllimə kimi...
Bəli, dərs dediyi hər bir şagird onunla qürur duyurdu, çünki onların müəlliməsi gündən-günə tanınır, məşhurlaşır, öz musiqiləri ilə insanların ruhunu oxşayırdı. Onu televiziyada hər hansı bir verilişdə görəndə: "Mənim müəlliməmdir", "Mənə dərs deyib", -deyə şagirdləri öz müəllimələri ilə fəxr edirdilər.
Beləliklə, sabahın məşhur bəstəkarının yolu 190 saylı məktəbdən başladı. Əvvəl bu məktəbə bir təcrübəçi kimi gəldi. Dediyi dərslər, hazırladığı tədbirlər yüksək səviyyəsi ilə seçildi. Məktəbin direktoru Sona xanım gənc qızdakı istedada valeh olub, ali məktəbi bitirdikdən sonra onu məhz bu məktəbdə bir müəllim olaraq görmək istəyini bildirdi. Sona xanımın "böyük Kəşfi" bu məktəbdən aləmə səs saldı. Bu gənc müəllimə nəzəri biliyinin praktik fəaliyyətinə 190-dan başladı. Sənətini çox, həddindən çox sevirdi. Musiqini və onun sirlərini şagirdlərə sevə-sevə öyrədirdi. Hər bir dərsi sanki əvvəlcədən hazırlanmış bir tədbir idi. Verdiyi açıq dərslərin təəssüratından günlərlə ayrılmaq olmurdu. Məktəbin tədbirlərinin kulminasiyası onun şagirdlərlə hazırladığı nömrələr idi. Tez-tez məktəbə respublikamızın tanınmış simalarını dəvət edərək şagirdlərimizin dünyagörüşünün formalaşmasında əlindən gələni əsirgəmirdi. Həyat yoldaşı Hikmət Mirməmmədli də bütün keçirilən tədbirlərdə həmişə onun yanında olardı. Məktəbimizin akt zalında bayram şənliklərini qeyd etməyi müəllimlərimiz çox sevirdilər. Sözsüz ki, Hikmət və Nailə Mirməmmədlilərin iştirakı ilə. Onlar öz musiqiləri ilə müəllim kollektivinə nə qədər böyük sevinc bəxş edirdilər...
Elə insanlar var ki, onların haqqında keçmiş zamanda danışmaq çətindir. Amma... Doğrudan da, elə yaşamaq lazımdır ki, öləndən sonra ölməyəsən - həyatın mənası da elə bundadır. Nailə müəllimə, Siz də məhz belə insanlardansınız...