Novruz bayramı

Bayramlar… Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır. Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır.Bu bayram ərəfəsində məktəbimizdə silsilə tədbirlər keçirildi. Züleyxa Ələsgərova və Nigar Fiqarovanın 4-cü və 2-ci siniflərdə təşkil etdiyi bayram şənlikləri tədbir iştirakçıları üçün ən gözəl bayram hədiyyəsi oldu.Tədbirdə iştirak edən Milli Məclisin deputatı Rəbiyyət xanım Aslanova və məktəbin direktoru Ceyran Kuliyeva sonda öz ürək sözlərini bildirdilər. Onlar çicəklənən Müstəqil Azərbaycanımızın gələcəyi olan balaların təlim-tərbiyyəsində əməyi olan hər bir müəllimi və valideynləri bayram münasibətiylə təbrik etdilər və ən xoş arzularını bildirdilər.