Resurs Mərkəzin (Learning Hub) növbəti maraqlı tədbiri
Məktəbin Resurs Mərkəzi (Learning Hub) ingilis dilində debat yarışmasının təşkilatçısı oldu.
“Plastik Torbalar və Bağlamalar Qadağan Olunmalıdır” mövzusunda IX-X sinif şagirdləri arasında ingilis dilində debat yarışma keçirildi. Debatda Birləşmiş Krallığın Azərbaycandakı səfiri Ceymz Şarp, səfirliyin Mətbuat və İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nigar Məmmədova, Azərbaycan Təhsil Nazirliyinin Xarici Əlaqələr sektorunun rəhbəri Tural Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Raman Məmmədov, İnkişaf layihələri sektorunun müdiri Arzu Tairquliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nümayəndəsi Səyyarə Məmmədova, Azərbaycandakı Britaniya Şurasının (British Council) Təhsil və İngilis dili üzrə meneceri Nərgiz Hüseynova, Proyektlər üzrə koordinator Xanim Teilova, məktəbin direktoru Ceyran Kuliyeva, ingilis dili müəllimləri və şagirdlər iştirak edirdilər.
Plastik tullantılar və onların ətraf mühitə təsiri mövzusunda ingilis dilində tədqiqat aparan şagirdlər iki komandada - tərəfdarlar və oponentlər olaraq mübahisə və müzakirə yolu ilə mübarizə apardılar.
Şagirdlərimiz ingilis dili bacarıqları ilə bərabər debat bacarıqlarını da nümayiş etdirə bildilər. Debat zamanı şagirdlərimizin irəli sürdüyü faktların dəqiqliyi, auditoriyaya emosional müraciəti hakimlər tərəfindən xüsusi qiymətləndirilmişdir. Müzakirədə şagirdlər tərəfindən plastik tullantilar probleminin həlli yolları göstərilirdi. Debatı izləyən səfir Ceymz Şarp Britaniyada ətraf mühitin qorunması siyasəti haqqında şagirdlərə ətraflı məlumat verdi. Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirliyinin nümayəndəsi Səyyarə Məmmədova isə Azərbaycanda dövlət səviyyəsində bu sahədə görülən işlər barədə məlumat verdi. Tədbirin sonunda debatin iştirakçıları Britaniya Şurası Tərəfindən sertifikat və kubokla mükafatlandırıldılar.