Məktəblilər Azərbaycan Hərb Tarixi Muzeyində oldular

Məktəbimizin III sinif şagirdləri Azərbaycan Hərb Tarixi Muzeyində olublar. Muzeydə Azərbaycanın hərb tarixi şagirdlərin gözləri önündə canlanıb. Azərbaycanın ilk generalları haqqında məlumat verən bələdçini maraqla dinləyən şagirdlər muzeydə onların mundirlərini görüb, müxtəlif dövrlərdə istifadə edilən silahlarla də tanış olublar. Ekspozisiyasının zənginliyinə görə diqqəti cəlb edən Xanlıqlar dövrü zalında şagirdlərə Azərbaycanda xanlıqların yaranması, onların qoşun növləri haqqında məlumat verilib. Hərbi Dəniz Qüvvələri zalında Müstəqil Azərbaycanın ilk matrosları, dövlət bayrağımızın ilk dəfə hərbi donanmada qaldırılması, Hərbi Dəniz Qüvvələrinin bayrağı, dənizçilərin istifadə etdiyi bir sıra cihazlar məktəblilərin marağına səbəb olub. Məktəblilər qədim dövrlərdən müasir zəmanəmizə kimi, o cümlədən Heydər Əliyev və Silahlı Qüvvələr quruculuğu zallarını da ziyarət etdilər. Uşaqlar açıq səma altında qoşun növləri üzrə texnikadan ibarət ekspozisiya ilə yaxından tanış oldular. 130-a yaxın hərbi texnika onların böyük marağına səbəb oldu.