Məktəbdə “Təbiəti qoruyanlar” layihəsi davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbimizdə “Təbiəti qoruyanlar” layihəsi həyata keçirilir. Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarətdir. Belə ki, layihə çərçivəsində biologiya fənnini tədris edən Elnurə Nəbiyeva VIIId sinifi ilə açıq havada “Ətraf mühiti qoruyaq” mövzusunda dərs keçdi. Müəllim təbiəti necə qorumaq, ondan necə istifadə etmək, təbiətin korlanmasının hansı fəsadlara gətirib çıxarılması ilə bağlı şagirdlərə geniş məlumat verdi. Ətraf mühitə hörmət etməyin nə qədər vacib olduğunu, hər kəsin təbiətin çirklənməsinin təhlükələrini dərk etməsini, yaşadığımız torpağı sevməyi, ona hörmət etməyi bir daha məktəblilərin nəzərinə çatdırdı. Ətraf mühiti qorumaq hər bir insanın vətəndaşlıq borcudur. Biz ətraf mühiti qorumaqla, həm də öz sağlamlığımızın qayğısına qalmış oluruq – deyə qeyd etdi. Gəlin təbiəti keşikçi ilə yox, sevgi ilə qoruyaq!