1 aprel döyüşlərinə həsr olunmuş tədbir keçirildi
29 mart 2019-ci il tarixdə məktəbdə 1 aprel döyüşlərində şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kifayət Tanrıverdiyeva bildirdi ki, aprel ayında baş vermiş döyüşlər zamanı Milli Ordumuz qüdrətini bir daha nümayiş etdirdi. Qeyd edildi ki, tədbirin keçirilməsində məqsəd aprel döyüşlərində şəhid olmuş oğullarımızın əziz xatirəsini yad etmək, qəhrəmanlıq göstərmiş igid əsgər və zabitlərimizin şücaətindən bəhs etmək, belə övladlarımızın gənc nəsillərə əsl örnək olduqlarını aşılamaqdır. Bildirildi ki, aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Daha sonra aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizin və mülki şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədr müavini Həsən Əmirov, Ehtiyatda olan Zabitlər Birliyinin Sədr müavini Hikmət Ağayev, aprel döyüşlərinin iştirakçıları baş leytenant Loğman Məmmədov, gizir Elməddin Ağayev və digər çıxış edənlər də vurğuladılar ki, Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu apreldə əks-hücum əməliyyatları ilə düşmənin layiqli cavabını verib, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan strateji əraziləri azad edilib.
Sonda məktəbin şagirdləri şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər, tədbir iştirakçılarına videoçarx nümayiş etdirildi.