Yol hərəkəti qaydalarına riayət edək!
5 noyabr 2015-ci il tarixdə məktəbdə 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dəstəyi ilə hərəkətin təhlükəsizliyi aylığı ilə əlaqədar “Diqqət, uşaqlar!” adlı yol hərəkəti qaydalarına həsr olunmuş açıq dərs keçirilmişdir.4b sinif müəllimi Abdullayeva Məlahət interaktiv təlim metodu ilə müxtəlif proqramlardan istifadə edərək açıq dərs təşkil etmişdir. Açıq dərsin keçirilməsində məqsəd təhlükəsiz davranış qaydalarını öyrətmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını tədbir iştirakçılarına nümayiş etdirməkdən ibarət olmuşdur. Açıq dərsdə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov, Baş Dövlət Yol Polisi İdarəsinin polis mayoru İsa Deyistani, 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin direktoru Mehriban Muğalova, 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova və məktəbin müəllim, valideyn və şagirdləri iştirak etmişdir.Sinif otağı stendlər, rəsmlər, yol nişanları ilə tərtib edilmişdir. Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi və sürücülərin diqqətinin yolda uşaq təhlükəsizliyi məsələlərinə yönəldilməsi məqsədilə keçirilən dərsdə interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdirmiş və tədbirdə iştirak edən şagirdlərin yaş həddinə uyğun mövzu ilə əlaqədar müxtəlif video-çarxlar, cizgi filmləri, viktorinalar nümayiş etdirilmişdir. Həmçinin şagirdlərin ifasında musiqi, səhnəcik və rəqs nömrələri təqdim olunmuşdur.Qonaqlar öz çıxışlarında əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsini tövsiyə etdi və hamını qanunlara riayət etməyə çağırdı. Bölmə rəisi Vaqif Əsədov bildirdi ki, azyaşlılara yol hərəkəti qaydalarının öyrədilməsi vacibdir, çünki azyaşlılar evdə, yolda valideynlərə təsir edə bilirlər. V.Əsədov yol hərəkəti təhlükəsizliyində hamının fəal olmasının vacibliyindən danışaraq bildirdi ki, ilk növbədə hər kəs həm sürücü, həm piyada, həm də sərnişin kimi qaydalara əməl etməlidir.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Mahirə Qafarova qonaqlara və tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək məktəbdə bu cür tədbirin keçirilməsinin ilk hal olmadığını vurğuladı. Bundan əvvəl də yol hərəkətinə dair maarifləndirici tədbirlərin keçirildiyini deyən direktor müavini əlavə etdi ki, uşaqlar qaydaları həvəslə öyrənir və əməl edirlər. Artıq iki ildir ki, 151 nömrəli tam orta məktəb yol hərəkəti qaydalarının şagirdlərə öyrədilməsi məqsədilə 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi ilə sıx əməkdaşlıq edir. Vurğulandı ki, Mərkəzin dərnək rəhbəri Ziyafət Musayeva şagirdlərə yol hərəkəti qaydalarını böyük həvəs və əzmlə öyrədir.