Hərbçilərlə görüş
“Yayım” Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi: hadisə şahidlərinin iştirakı ilə gənclərdə vətənpərvərlik ruhunun təbliği sahəsində tədbirlərin təşkili” layihəsi çərçivəsində 151 nömrəli tam orta məktəbdə 151 və 35 nömrəli tam orta məktəblərin müəllim kollektivləri, 9-11-ci sinif şagirdləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və ziyalıların iştirakı ilə “Qarabağı unutma” adlı anım tədbiri keçirilmişdir.Tədbiri giriş sözü ilə açan 151 nömrəli tam orta məktəbin direktoru Kifayət Tanrıverdiyeva qonaqları salamlayaraq vətənpərvərlik ruhunda keçirilən tədbirlərə məktəblərin böyük ehtiyacı olduğunu bildirdi: "Sevinirik ki, bu gün şagirdlərimiz Qarabağ müharibəsi iştirakçıları ilə üz-üzə görüşürlər. Onları canlı olaraq dinləmək imkanı qazanmışlar. Hesab edirik ki, “Yayım” Assosiasiyasının bu təşəbbüsü təqdirəlayiqdir, gənclərimizin vətənpərvər ruhda formalaşmasında mühüm rol oynayır."Layihənin rəhbəri Yaşar Zeynalov layihənin mahiyyəti və əhəmiyyəti haqda məlumat verdi. O gənclərə müraciət edərək bildirdi ki, "Siz, sabahın əsgərisiniz. Biz istəyirik ki, siz hərbi xidmətə yola düşənə qədər vətənpərvər əsgər kimi hər şeyə hazır olasınız. Ali baş komandanımızın əmri ilə işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad etməyə həmişə hazır olasınız."Çıxış edənlər Qarabağ müharibəsi veteranları Rauf Allahverdiyev ("Respublika" qəzetinin müxbiri), Ruxsarə Cumayeva, Təranə Mürsəqulova, Rza Səfərov, "Qızıl qələm" mükafatı laureatı, tanınmış yazıçı Elxan Elatlı, ekspert Fazil Kərimov Qarabağ müharibəsi zamanı şahidi olduqları hadisələrdən, qeyrətli azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıqlardan, itirdiyimiz maddi və mənəvi sərvətlərimizdən danışaraq gənclərimizi vətənpərvər olmağa çağırdılar.Tədbirin sonunda iştirakçıların hər birinə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr edilən “Qarabağı unutma” adlı məlumat kitabı və Qarabağ savaşından bəhs edən digər kitablar hədiyyə edildi.Eyni zamanda məktəb kitabxanasına Qarabağ müharibəsindən bəhs edən 60 adda kitab hədiyyə edildi.