Faşizm üzərində Qələbə - 70
151 nömrəli tam orta məktəbdə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyi ilə əlaqədar təntənəli bayram tədbiri keçirildi. Məktəbin pedaqoji və şagird kollektivinin iştirak etdiyi tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və müharibədə həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Tədbirdə açılış nitqi ilə çıxış edən məktəbin direktoru Kifayət Tanrıverdiyeva Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verdiyini, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın minlərlə oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu bildirərək, həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 100-dən çox oğul və qızlarının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini vurğuladı. Məktəbin tarix müəllimi Murad İsmayılov çıxışında xalqımızın faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini qeyd edərək, şanlı Qələbəyə Bakı neftinin töhfəsinin də əvəzsiz olduğunu, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyətinin Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdiyini diqqətə çatdırdı.Daha sonra məktəblilər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbəyə həsr olunmuş şeirlər səsləndirdi, nəğmələr ifa etdilər.Tədbirdə həmçinin məktəbin müxtəlif sinifləri tərəfindən hazırlanmış divar qəzetləri nümayiş olundu.