“Yol hərəkəti qaydaları və biz!” mövzusunda tədbir keçirilmişdir
23 aprel 2015-ci il tarixdə məktəbdə «Azərsun Holdinq» Şirkətlər Qrupunun və 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dəstəyi ilə “Yol hərəkəti qaydaları və biz!” mövzusunda tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd təhlükəsiz davranış qaydalarını öyrətmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını tədbir iştirakçılarına nümayiş etdirməkdən ibarət olmuşdur. Tədbirdə Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Namidan Piriyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov, İdarənin əməkdaşları polkovnik-leytenant Rasim Abdullayev, polis mayoru Fazil Əfəndiyev, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları, polis mayorları Kəmalə Ələkbərova, Məryəm Ömərova, «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyinin rəhbəri, “avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı, “Digesta” hüquq firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov, 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova və məktəbin müəllim, valideyn və şagirdləri, habelə, KİV nümayəndələri iştirak etmişdir.Məktəbin akt zalı şüarlar, stendlər, rəsmlər, yol nişanları ilə tərtib edilmişdir. Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkət nişanları ilə bağlı maarifləndirilməsi və sürücülərin diqqətinin yolda uşaq təhlükəsizliyi məsələlərinə yönəldilməsi məqsədilə keçirilən tədbirə qatılan “Yol hərəkəti dərnəyi”nin xüsusi formalar geyinmiş üzvləri interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdirmiş və tədbirdə iştirak edən şagirdlərin yaş həddinə uyğun mövzu ilə əlaqədar müxtəlif video-çarxlar, cizgi filmləri nümayiş etdirilmişdir. Həmçinin, tədbirdə şagirdlərin ifasında musiqi və rəqs nömrələri təqdim olunmuşdur.Qonaqlar öz çıxışlarında əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsini tövsiyə etdi və hamını qanunlara riayət etməyə çağırdı. Bölmə rəisi Vaqif Əsədov bildirdi ki, azyaşlılara yol hərəkəti qaydalarının öyrədilməsi vacibdir, çünki azyaşlılar evdə, yolda valideynlərə təsir edə bilirlər. V.Əsədov yol hərəkəti təhlükəsizliyində hamının fəal olmasının vacibliyindən danışaraq bildirdi ki, ilk növbədə hər kəs həm sürücü, həm piyada, həm də sərnişin kimi qaydalara əməl etməlidir.Məktəbin direktoru Kifayət Tanrıverdiyeva qonaqlara və tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək məktəbdə bu cür tədbirin keçirilməsinin ilk hal olmadığını vurğuladı. Bundan əvvəl də yol hərəkətinə dair maarifləndirici tədbirlərin keçirildiyini deyən təhsil ocağının rəhbəri əlavə etdi ki, uşaqlar qaydaları həvəslə öyrənir və əməl edirlər. Artıq iki ildir ki, 151 nömrəli tam orta məktəb yol hərəkəti qaydalarının şagirdlərə öyrədilməsi məqsədilə 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi ilə sıx əməkdaşlıq edir. Vurğulandı ki, Mərkəzin dərnək rəhbəri Ziyafət Musayeva şagirdlərə yol hərəkəti qaydalarını böyük həvəs və əzmlə öyrədir. Hüquqşünas Ərşad Hüseynov uşaqların yol hərəkəti qaydalarını öyrənməsi vərdişini müsbət qiymətləndirdi və gələcəkdə bu kimi tədbirlərin daha geniş müstəvidə keçirilməsini təklif etdi. Tədbirin sonunda təşkilatçılar tərəfindən uşaqlara və onların valideynlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına kömək edəcək yardımçı tədris vəsaitləri hədiyyə olundu. İl boyu “Uşaqlar və Yol Təhlükəsizliyi Layihəsi”ndə fəal iştirakına görə fərqlənən müəllimlərə 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin diplomları təqdim edildi. Qonaqlar şagirdlərlə xatirə şəkil çəkdirdilər.Tədbirdə iştirak edən 200 uşağa isə «Azərsun Holdinq» Şirkətlər Qrupunun hədiyyələri paylandı.