Torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda vətən - 20 YANVAR

Suraxanı rayonunun R.Ənnağıyev adına 141 saylı tam orta məktəbində Qanlı Yanvar faciəsinə həsr edilmiş, anım mərasimi, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmişdir, divar qəzetləri buraxılmışdır. Məktəbin şagirdlərinin «Şəhidlər Xiyabanı»na ziyarəti təşkil olunmuşdur. 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əliyalın, dinc, mülki əhali kütləvi qətliama məruz qalmışdır.
20 Yanvar hadisələri haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.