15 sentyabr Bilik günüdür!
Məktəbin direktoru, Respublikanın Əməkdar müəllimi Yaqut Sadıqova "Bilik günü " münasibəti ilə şagird və müəllim kollektivini təbrik edərək məktəbin qazandığı uğurlardan danışdı. 2014-2015-ci tədris ilində 13№-li tam orta məktəbin pedaqoji kollektivi öz fəaliyyətini Azərbaycan Respublikası Təhsil Qanununun “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası”nın ölkə prezidenti İlham Əliyev cənablarının təhsil işçiləri qarşısında qoyduğu vəzifələrin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmr,sərəncam və göstərişlərinin yerinə yetirilməsi istiqamətində qurmağa çalışmışdır. Belə ki, 2014/2015-ci tədris ilində məktəıbin bütün dəhlizləri, VIII-XI sinif otaqları,idman zalı,akt zalı,məktəbin bufeti kameralaşdırılmışdır. Bu da təlim-tərbiyə prosesində nəzarəti gücləndirmişdir. 15 sentyabr 2014-cü il tarixə qədər tədris prosesi zamanı heç bir proyektor, komputerdən istifadə etməyən müəllimlər 2014/2015-ci tədris ilində komputerdən elektron (promitan) lövhədən proyektordan istifadə etməklə 57 nümunəvi dərs vermişdir. Məktəbin qabaqcıl ingilis dili müəllimi Sevda Ağazadənin rəhbərliyi ilə ingilis dili kabineti, Elşad Miranovun rəhbərliyi ilə hərbi kabinet yaradıldı. BŞTİ tərəfindən rus və ingilis dili fənlərinin tədrisi üçün 2 linqafon kabinet avadanlıqları, fizika,kimya və biologiya kabinetləri üçün 2 ədəd biokimyəvi laboratoriya dəsti, 6 ədəd elektron lövhə, 6 ədəd proyektor, 27 ədəd komputer və məktəb üçün zəruri avadanlıqlar alınmışdır. Məktəbin zəngi yenisi ilə əvəz olundu. İdman zalının dam örtüyünə tol çəkildikdən sonra dammanın qarşısı alındı.“Milli-Mənəvi İrsimiz Tariximizdir”diyarşünaslıq olimpiadasında məktəbin komandası II yerə, “Parlaq Zəka” intellektual oyunda isə məktəbin komandası III yerə çıxmışdır. Bakı şəhəri üzrə keçirilən fənn olimpiadasında X sinif şagirdi Abdullayeva Fidan(biologiya) və XI sinif şagirdi Qafarlı Elnarə(tarix) I yerə çıxmış vı Respublika üzrə fənn olimpiadasının yarım final mərhələsində Abdullayeva Fidan II yerə, Qafarlı Elnarə isə I yerə çıxaraq final mərhələsinə vəsiqə qazanmışdır. Respublika fənn olimpiadasının final mərhələsində XI sinif şagirdi Qafarlı Elnarə Eldar qızı uğurla çıxış edərək Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bürünc medala layiq görülmüşdür. IX-XI sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdiyi nəticələr, ötən tədris ilindəkindən həm keyfiyyət, həm də mənimsəməyə görə yüksək olmuşdur. Ali məktəblərə qəbulun nəticələrinə görə məkltəbi bitirən məzunlardan 50 faizi qəbul olmuş, onlardan 1 nəfəri Sultanova İlahə 641 balla Qafqaz Universitetinə qəbul olmuşdur. İdman sahəsində şagirdlərimiz çox böyük uğurlar əldə edərək Respublika üzrə beynəlxalq yarışlarda 5 qızıl, 7 gümüş medal qazanmışlar. Musiqi və rəsm müsabiqələrində də şagirdlərimizin nəaliyyətləri çox yüksək olmuşdur. X sinif şagirdi Nuriyeva Sevinc Bakı Şəhəri üzrə öz rəsm əsəri ilə III yeri tutmuşdur. “Pətək” İB-nin təşkil etdiyi “Sağlam qida-sağlam nəsil” adlı müsabiqə -sərgidə şagirdlərimiz I-III yerləri tutaraq, pul mükafatına layiq görülüblər. Bir birindən səviyyəli tədbirlərin və fənn gecələrinin keçirilməsi şagirdlərin tərbiyəsində böyük rol oynamış, təhsilə olan marağını bir qədər də artırmışdır. Eyni zamanda müəllim-şagird, müəllim-müəllim, müəllim-valideyn münasibətlərinin daha yüksək səviyyədə qurulması üçün metodiki, psixoloji işlərin aparılmasına önəm vermək lazımdır. Müəllim və şagird kollektivinin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi zəruridir. Məktəbin pedaqoji kollektivi qarşısında öz işlərini yenidən qurmaq və üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək kimi çox mühüm vəzifə durur. Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə dövlət strategiyada göstərilən 5 əsas istiqamətlər üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin apardığı islahatlar müəllimlərin qarşısında öz üzərində işləmək və işlərində böyük dönüş yaratmaq kimi mühüm vəzifələr qoyur.