FƏXRİMİZ

                                                                  Yaqubov Nüsrət İsmayıl oğlu

   Azadlıq bəxş  edilmir, qan bahasına alınır. Hər xalq  öz azadlığı, müstəqilliyi ödədiyi qan bahası ilə dəyərləndirir. Bu baxımdan  Azərbaycan xalqı üçün də azadlıq Allahın  ən qiymətli nemətidir. Çünki igid oğul və qızlarımız  vətəni azadlıq  nuruna qərq etməkçün, cəsarətlə, şücaətlə döyüş meydanına atıldılar,sinələrini güllə qabağına  verməkdən qorxmadılar. Şəhidlik zirvəsinə yüksələrək, xalqımız üçün dəyanət qürur abidəsinə çevrildilər. Müstəqilliyimizin ilk  illərində  canlarını Vətənə fəda edən igid oğul və qızlarımız doğma  Azərbaycanımızın müstəqilliyinə öz  qanları ilə imza ataraq, müqəddəs Şəhidlik Zirvəsini  fəth etdilər. Şəhidi olmayan  xalq  torpaq məhəbbətindən, yurd sevgisindən  məhrumdur. Şəhidi olmayan xalqın  mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq, həyacan  içində yaşayar. Bu baxımdan bizim qəsəbə sakinləri də, bütün Azərbaycan xalqı kimi ağır günlərdə meydana atıldılar, qapıdalında gizlənmədilər,əzmlə, cəsarətlə vətənin azadlığının, bütövlüyünün müdafiəsinə qalxdılar. Qanlı yanvar gecəsi zirəli gənclər də daxil  olmaqla Əzizbəyov rayonunun vətənpərvərləri rayonun ərazisində, indiki “Xaşaxana” deyilən yaşayış məntəqəsindəki Hərbi hissənin qarşısını kəsmiş, təyyarələrdən enən  hərbi qüvvələrin Bakı şəhərinə  getməsinin qarşısını almaq istəmişdilər. Lakin Rus ordusunun ağır texnikasının qarşısını əliyalın halda almaq  təbii ki, mümkünsüz idi və hərbiçilərlə  yerli əhali arasında  yaranmış toqquşma  çox qanlı olaylarla  nəticələnmiş, çoxlu igid   oğullarımız yaralanmış, şəhid  olmuşdular. Zirənin igid oğlu  Nüsrət Yaqubov məhz  həmin hadisələr zamanı  ağır güllə yarası  almış, vəfalı yoldaşları onu çətinliklə  də olsa,Mərdəkan qəsəbəsindəki  26 saylı xəstəxananın cərrahiyyə şöbəsinə  çatdıra bilmişdilər. Lakin həddən artıq qan itirdiyindən  və rus qaniçənlərinin  zəhərli gülləsinə  tuş gəldiyindən  onu xilas etmək  mümkün olmamamış, Nüsrət yanvarın 22-də səhər tezdən  xəstəxanada vəfat etmişdi. Nüsrət Yaqubov  Azərbaycanın  milli Azadlıq hərəkatında  Zirə qəsəbəsinin verdiyi ilk şəhid  kimi tarixə düşmüşdü. Lakin onun şücaəti,cəsarəti həmkəndlilərinin  yadından  çıxmamış, indinin özünə qədər onun adı daima böyük hörmətlə  yad edilir. Nüsrətin orta təhsil aldığı məktəbimiz  hal-hazırda onun adını daşıyır və məktəbimizin  həyətində  onun  büstü ucaldılıb. Allah bütün şəhidlərimizə rəhmət etsin !

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi