Dünyanın himni uşaq gülüşüdür
Bu il BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 30 illiyi qeyd edilir. Hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Uşaq Hüquqları aylığnın keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli, F-531 nömrəli əmrinə əsasən, məktəbin "İllik Fəaliyyət Planı"na uyğun olaraq "Dünyanın himni uşaq gülüşüdür" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Ombudsman Aparatının baş məsləhətçisi Lamiyə Zeynalova, Ombudsman Aparatının böyük məsləhətçisi Dilşad İsmayılova, Suraxanı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Cənnət Əliyev iştirak etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Həsənova giriş sözü ilə tədbiri açdı. Uşaq Hüquqları Konvensiyasını, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Dövlət Müvəkkili-Ombudsman Elmira Süleymanovanın Uşaq Hüquqları aylığı çərçivəsindəki fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. Dəyirmi masada iştirak edən qonaqlar şagirdlərin mövzu ilə əlaqədar çoxsaylı suallarını cavablandırdılar. Müxtəlif tədbirlərdə fərqlənən şagirdl\ər "Fəxri Fərman"la təltif edildi. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək qonaqlara və tədbir təşkilatçılarına minnətdarlığını bildirdi. Nizaməddin müəllim qeyd etdi ki, son illər ərzində sürətli inkişaf yolu ilə irəliləyən Azərbaycanda istifadəyə verilən çox sayda tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq komplekslərinin böyük əksəriyyəti bu gün birbaşa uşaqların sərəncamındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürüdür. Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsidir.
Sonda qonaqlar məktəblilərə hədiyyələr təqdim etdilər və xatirə şəkilləri çəkildi.