Aləm cənnətə dönsə yaddan çıxmaz Qarabağ
Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından bu gün 27 il ötür.Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Əbilsoylu Qiyamət və Heydərzadə Vüsalə Şuşa şəhərinin işğalının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirmişdir. Tədbirdə müəllimlər Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri olan Şuşanın iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək keçdiyi zəngin yol, görkəmli şəxsiyyətləri, dünyada Azərbaycan muğamının beşiyi kimi tanınması barəsində ətraflı danışdılar. Şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiya səsləndirilmiş, Şuşa şəhəri uğrunda şəhid olmuş qəhrəmanlar haqqında məlumat vermişlər. Videoçarxlar nümayiş etdirilmişdir. Məktəbin direktoru Nizaməddin Ağcayev tədbirin təşkilatçılarına minnətdarlığını bildirmiş və Azərbaycanın ən əziz və böyük tarixi olan Şuşa haqqında xatirələrini bölüşmüşdür.