Bayrağındır mənə kəfən, anam Vətən!
Məktəblərin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələr qoyulması təsadüfi deyil. Hərbi-vətənpərvərlik tərbiyəsi bir məqsədə - gəncləri vətənimizin fəal müdafiəsinə hazırlamaq məqsədinə xidmət etməlidir. Buna görə də Azərbaycan dövləti xalqını, onun gənc nəslini həmişə sayıq olmağa, vətənimizin hərbi qüdrətini hər vasitə ilə möhkəmləndirməyə, onun müdafiə bacarığını artırmağa çağırır.
Məktəbin Fəaliyyət Planında Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanların xatirələrini əbədiləşdirməsi istiqamətində aparılacaq tədbirlərə geniş yer verilmişdir. Pedaqoji kollektiv hərbi-vətənpərvərlik tərbiyəsini daha məzmunlu və məqsədəuyğun şəkildə aparmaqla ona nail olmağa çalışır ki, şagirdlərdə vətənə məhəbbət hissi daha da qüvvətlənsin, həqiqi vətənpərvərliyin məzmununu onlar düzgün dərk edə bilsin, vətəni müdafiə etməyi, onun şərəfini qorumağı özünün xalq qarşısında şərəfli vəzifəsi hesab etsin.
Bu məqsədlə yuxarı sinif şagirdləri ilə hərbi-vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilir.