Xocalısız 27 il

   Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 27 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.
   27 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalıb, milli mənsubiyyətinə görə 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirib, eyni zamanda, çoxsaylı əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilib. İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 2013-cü il 23 oktyabr tarixli qətnaməsi bir daha sübut edir.
   Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncam imzalanıb və müvafiq tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulub. Hər il olduğu kimi, bu il də həmin faciəni dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib və icra olunur.
   Bununla əlaqədar məktəbin Tədbirlər planına uyğun olaraq Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Xocalısız 27 il" adlı tədbiri keçirildi. Tədbir məktəbin 2-ci siniflərinin şagirdlərinin ifasında təqdim olundu. İbtidai sinif müəllimləri Almaz Nəbiyeva, Səadət Babayeva, Gülşən Binnətəliyeva, Şəlalə Novruzova, Bahar Hətəmi, Nərgiz Əliyevanın təşkil etdiyi tədbirdə məktəb valideynləri,şagirdlər və qonaqlar iştirak edirdi. Kiçik yaşlı məktəblilərin faciəni səmimi və saflıqla canlandırması hüznlü ab-hava yaratdı. Şagirdlər rəmzi olaraq "Ana harayı " xatirə kompleksini canlandırdılar. Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirildi. Səhnəciklərdə 25-26 fevral 1992-ci il tarixini əks etdirən hadisələr təqdim olundu. Hövsan Olimpiya İdman Kompleksinin meneceri Elməddin Məmmədov çıxışında şagirdlərin ifasından öz məmnunluğunu bildirdi və onlarla birlikdə vətənpərvər ruhda şeir ifa etdi. Məktəbin direktoru Nizaməddin Ağcayev tədbirin sonunda Azərbaycan xalqını sarsıdan faciənin millətin milli iradəsini qırmadığını, daha da möhkəmləndiyini və layiqli rəhbərin komandanlığı altında qüdrətli dayağa söykəndiyini bildirdi, tədbir təşkilatçılarına və kiçik məktəblilərə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi