Qan yaddaşımız-20 Yanvar faciəsi
1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi...Düz 26 ildirki Azərbaycan xalqı 20 Yanvar şəhidlərini fəxrlə anır,tariximizin bu şanlı səhifəsi ilə qürur duyurlar.Bu gün münasibətilə 118 №-li məktəbin müəllim və şagird kollektivi ilk öncə "Şəhidlər xiyabanını"nı ziyarət etdilər,sonra isə məktəbdə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə məktəbin bütün kollektivi ilə yanaşı qonaqlar da iştirak edirdi. Faciəni labüd edən səbəblər və onun acı nəticələri xronoıoji ardıcıllıqla tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Hadisələri əks etdirən videoroliklərin fonunda şagirdlərin ifasında hüzn dolu şeirlər səsləndi.