Yaşa, yaşa, çox yaşa, ey, şanlı Azərbaycan!....
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyinə həsr olunan təntənəli tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar, ali məktəb rektorları, Təhsil Nazirliyinin nümayəndələri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, rayon icra hakimiyyətlərinin başçıları, ümumtəhsil müəssisələrinin direktorları, təhsil ekspertləri, şagirdlər, müəllimlər və KİV-lərin nümayəndələri iştirak ediblər.
Yeddi mindən artıq şagird bayram həmrəyliyi nümayiş etdirərək öz rəngarəng görüntüləri ilə möhtəşəm görüntü yaratmışdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov AXC-nin 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi və “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində təşkil olunan tədbirləri gənclərə doğma respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək və sərbəst düşüncə tərzini formalaşdırmaq baxımından yüksək dəyərləndirdi.
Tədbirdə Bakı məktəblilərinin rəngarəng ifası böyük coşqu və alqışlarla qarşılandı.
Məktəbin direktoru Nizaməddin Ağcayev və bir qrup müəllim və şagird heyəti tədbirdə iştirak etdilər.