Ağacəkmə aksiyası
Mayın 5-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiyada Azərtacın məlumatına görə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları, məktəb direktorları, direktor müavinləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva bildirib ki, Ramana qalasının ətəyindəki yaşıllıq sahəsində təşkil olunan aksiyanın məqsədi ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin irsini davam etdirmək, yaşıllaşdırma ənənələrini daha da genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın digər sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilib.
M.Vəliyeva müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmizdə ekoloji siyasətin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın böyük rolu var. Salınan yaşıllıq zonası paytaxtın təhsil işçilərinin qayğı göstərdiyi bir yer olacaq, məktəblilərin iməcilik və təcrübə məkanı kimi inkişaf etdiriləcək.
Məktəbin direktoru Nizaməddin Ağcayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov, təsərrüfat işləri üzrə direktor müavini Fikrət Nuriyev və bir qrup müəllim kollektivi aksiyada iştirak etmişlər.