"Əbədi ezamiyyət" sənədli filmi nümayiş etdirildi
2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamında deyilir: "1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur".
Sərəncama əsasən məktəbin “Azərbaycan Xalq Cümhuriyyəti İli” haqqında tədbirlər planında digər tədbirlərlə yanaşı, bu mövzuda filmlərin nümayişi nəzərdə tutulmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin nümayişi keçirildi. "Əbədi ezamiyyət" filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. Film 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Nümayişdən öncə məktəbin tarix müəllimi Gülər Osmanova çıxış edərək mövzu ilə bağlı qısa məlumat verdi. Məktəbin müəllim və yuxarı sinif şagirdlərindən ibarət kollektivi filmi maraqla izlədilər. Film bitdikdən sonra məktəbin direktoru Nizaməddin Ağcayev öz təəssüratlarını bildirdi.