Öz dilimdir, şirin dil....
20 aprel 2018-ci il tarixində E.Cəfərov adına 118№ -li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Yaqubovanın rəhbərliyi ilə "Oxu günü" tədbiri keçirildi.
Tədbir, Azərbaycan Respublikası Təhsil Nazirinin 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə əsasən şagirdlərə mütaliə vərdişlərinin aşılanması məqsədilə keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti, məşhur gülüş ustası Arif Quliyev, məktəbin direktoru Nizaməddin Ağcayev, fənn müəllimləri, şagirdlər və valideyn kollektivi iştirak etdi.
Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, milli dəyərlərin qorunub saxlanılmasında, nəsildən-nəslə ötürülməsində mütaliənin əvəzsiz xidmətlərindən danışıldı.
Məktəblilər dünya və Azərbaycan ədəbiyyatından oxuduqları əsərləri nümayiş etdirdilər. Onlar Jül Vern, Mark Tven, Cek London, Çingiz Aytmatov, Mayn Rid, Aleksandr Belyayev, Aleksandr Puşkin, Nizami Gəncəvi, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Mir Cəlal Paşayev, Səməd Vurğun, Molla Pənah Vaqif və s. şair və yazıçıların əsərləri haqqında məlumatlar verərək müzakirə təşkil etdilər.
Tanınmış alim, yazıçı, boyük maarifçi Mir Cəlal Paşayevin çoxcəhətli fəaliyyətindən, hekayə, povest və romanlarından söz açdılar.
Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymət xüsusi olaraq vurğulandı. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan təhsilində həyata keçirdiyi islahatlar qeyd olundu.
Ümumtəhsil məktəblərində Azərbaycan dili fənninin başlıca məqsədindən-şagirdlərdə nitq mədəniyyətinin formalaşdırılmasından danışıldı. Ədəbi dil normalarına uyğun olaraq şifahi və yazılı nitq bacarıqlarının inkişafı xüsusi olaraq önə çəkildi.
Sonda Xalq artisti Arif Quliyev və məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək şagirdlərər və müəllimlərə öz təşəkkürlərini bildirdilər.