31 mart soyqırımı - 100 il
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Faciədən iki ay sonra qurulan Azərbaycan Xalq Cümhuriyyətinin bu soyqırımının dəhşətlərini araşdırmaq üçün yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti respublikanın süqutundan sonra dayandırıldı və bu soyqırımına lazımi siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Azərbaycan Prezidenti İlham Əliyev azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Sərəncam imzalamışdır. Sənədə əsasən, Prezident Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planı hazırlamışdır. Məqsəd 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası və XX əsrin əvvəllərində erməni millətçiləri və terrorçu-quldur dəstələri, o cümlədən Daşnaksütyun partiyası tərəfindən bölgədə törədilmiş soyqırımı cinayətlərinin araşdırılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aynur Qafarlının təşkilatçılığı ilə 8a sinfinin "Soyqırım qurbanları"na həsr olunmuş anım tədbirində hadisə haqqında geniş məlumat verildi.100 ildən bu günə qədər ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş misli görünməyən cinayətləri əks etdirən videolar nümayiş etdirildi. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək öz münasibətini bildirdi.