Azərbaycan bayrağını Qarabağda asacağız....
"Azərbaycan bayrağını
Qarabağda, Xocalıda, Ağdamda, Şuşada asacağız....."
26 il əvvəl - fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlıları sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri mühasirəyə alınmış, Qırmızı Xaç Komitəsi və başqa beynəlxalq təşkilatlar vasitəsilə dinc əhali üçün sülh dəhlizinin açılması və onların mühasirədən çıxa bilməsi barəsində razılıq əldə edilməsinə baxmayaraq, ermənilər dinc əhaliyə bu dəhlizdən istifadə etməyə imkan verməmişlər. Erməni silahlıları soyuqqanlılıqla qocaları, qadınları, uşaqları atəşə tutmuşlar.... 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı 2012-ci il yanvarın 30-da Xocalı soyqırımını rəsmi şəkildə tanımış və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan etmişdir. Hazırda 10-dan çox ölkə və Amerika Birləşmiş Ştatlarının 20-dən artıq ştatı Xocalı soyqırımını tanıyır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na əsasən respublikanın bütün ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilir . Bununla əlaqədar, məktəbimizin ingilis dili müəllimi Abbasova Sənubərin rəhbərlik etdiyi 9ç və rus dili müəllimi Əfəndiyeva Gülnarənin təşkilatçılığı ilə milli faciəmizin 26-cı ildönümünə həsr edilmiş anım tədbiri keçirildi. Xocalıda və Dağlıq Qarabağda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra hadisə haqqında videoxronika nümayiş olundu. Məktəbin direktoru N.F.Ağcayev çıxış edərək öz münasibətini bildirdi.Şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirildi, səhnəciklər təqdim olundu. Əhməd Cavadın qan coşduran "Çırpınırdın Qara dəniz" əsərinin sədaları, "Qalx ayağa, Azərbaycan!" şeiri qələbəyə inam hissini vətənpərvər könüllərə həkk etdi.