21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur
21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomadır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana dili günü hamını bu cinayətə qarşı birləşməyə səsləyir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.... Və bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.Məhz,ulu öndərin dilimizə verdiyi bu dəyər,qiymət onu bizə daha da sevdirmişdir.
Beynəlxalq Ana dili günü münasibətilə məktəbimizin ibtidai siniflərində Nərgiz Əliyevanın rəhbərliyi ilə 1dsinfi,Sevda Zeynalovanın rəhbərliyi ilə 4a sinfi,Xəyalə Cəfərovanın rəhbərliyi ilə 3çsiniflərində açıq dərslər və dəyirmi masa keçirildi.Şagirdlər ana dilimizin zənginliyi ilə bağlı maraqlı məlumatlar verdilər,şeyirlər və mahnılar səsləndirdilər.