Göbələklər aləminə səyahət
Məktəbin biologiya müəllimi Aygün Xəlilovanın 7c sinfində "Göbələklərin müxtəlifliyi" mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəbin direktoru N. F. Ağcayev, təlim tərbiyə işləri üzrə direktor müavini E. Muqumov və digər fənn müəllimləri iştirak etdilər. Sinfin təşkilindən sonra motivasiya mərhələsi sual-cavab forması videonümayişlə davam etdirildi. Tədqiqatın aparılması zamanı şagirdlərin xüsusi fəallığı hiss olunurdu. Tərtibat və əyanilik yüksək səviyyədə təşkil olunmuşdu. Şagirdlərimiz bu sevimli canlı varlıqlar haqqında olan daha yeni məlumatlarla tanış oldular. Xüsusilə, maya göbələyinin tumurcuqlan-ması ilə qrupların apardığı təcrübə zamanı ayrılan karbon qazının təsirindən kolbaların ağzına bağlanan şarların şişməsini müşahidə etdikcə, gözlərindəki həyəcan nəzərə çarpırdı. İşlərin təqdimatı, qrupların qiymətləndirilməsi mərhələlərindən sonra ev tapşırığı olaraq mukor göbələyinin mikroskop altında görüntüsünə aid təqdimatın hazırlanması oldu. Açıq dərsin müzakirəsi zamanı bütün müəllimlər dərsdən zövq aldıqlarını bildirdilər. Məktəbin direktoru N. F. Ağcayev öz fikir və iradlarını bildirərək dərsi qənaətbəxş olaraq qiymətləndirdi. Müəllim və şagirdlər "Göbələklər aləmi"ndən zəngin təəssüratlarla ayrıldılar.