Şanlı bayrağım
Noyabrın 7-də E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Şanlı bayrağım” adlı tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətində ağac əkdilər, sonra məktəbin foyesində təşkil olunmuş sərgiyə tamaşa etdilər. Daha sonra tədbir məktəbin akt zalında davam etdirildi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov, Suraxanı rayonu İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev, Suraxanı Rayon 30 – cu polis bölməsinin polis kapitanı Elvin Əliyev, 281 nömrəli tam orta məktəbin direktoru Gülşən Əliyeva, qocaman təhsil işçisi Sadəddin Məmmədov, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Akt zalındakı tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi ilə başlandı. Tədbir aparıcıları-Dərbəndəliyev Etibar və Abdıyeva Nərmin bir çox mötəbər qonaqların iştirak etdiyi tədbiri açıq elan etdikdən sonra məktəbin direktoru N.F.Ağcayev qonaqları salamladı və onları tədbir iştirakçılarına təqdim etdi. Aparıcılar Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ətraflı danışdılar. Tədbirdə məktəb şagirdlərinin ifasında şeirlər, mahnılar səsləndirildi. Həmçinin müxtəlif videoçarxlar göstərildi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov bu günün tarixinə nəzər saldı, milli-mənəvi dəyərlərimizin qorunmasında Ulu öndərin və ölkə prezidenti cənab İlham Əliyevin xidmətlərindən söhbət açdı. Bayraq gününə həsr olunmuş tədbirin sonunda tədbirdə iştirak edən müəllimlərə və şagirdlərə fəxri fərman verildi. Məktəbin direktoru Nizaməddin Ağcayev son olaraq tədbirin hazırlanmasında əməyi olanlara minnətdarlıq etdi, şagirdlərin çıxışlarını isə yüksək qiymətləndirdi. Sonda xatirə şəkli çəkdirildi.