"Biz sülhsevər uşaqlarıq!!!"
Bu il Azərbaycan tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının ratifikasiya edilməsinin 25 ili tamam olur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının müdafiəsi və təşviqi sahəsində respublikada bir sıra mühüm tədbirlər həyata keçirilir. Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkədə “Uşaq hüquqları aylığı” elan edilib. Ombudsman “Uşaq hüquqları aylığı” keçirilməsi ilə bağlı müvafiq dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna müraciət edib. Hər il keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən uşaqların fəal iştirakı ilə uşaq hüquqları mövzusunda müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaq hüquqlarının səmərəli təmininə və təbliğinə xidmət edir. Bununla əlaqədar olaraq məktəbimizdə də silsilə tədbirlər keçirilir ki, bunlardan biri də bu gün R.Ə.Hacıyevanın rəhbərliyi ilə 7”b” sinfində baş tutdu. Tədbirdə şagirdlərə ətraflı məlumat verildi, onları maraqlandıran suallar ətrafında müzakirələr aparıldı. Sonda məktəbin direktoru N.F.Ağcayev çıxış edərək müəllimə və şagirdlərə təşəkkürünü bildirdi.