El bilir ki, sən müəllimsən!
Oktyabrın 5-də E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra aparıcılar bu günün əhəmiyyətindən danışıb, Azərbaycanın dövlət siyasətində müəllimə olan daim hörmət və qayğının xüsusi yer tutduğunu nəzərə çatdırıblar. Ümummilli lider Heydər Əliyevin “Mən həyatda qazandığım bütün uğurlara görə müəllimlərimə borcluyam!” fikrini xatırladıblar. Tədbirdə X sinif şagirdlərinin və balaca fidanların hazırladığı rəqslər nümayiş olunub, şagirdlərin ifasında şeir və mahnılar səsləndirilib. Tədbirin sonunda çıxış edən məktəbin direktoru N.F.Ağcayev məktəbin müəllim kollektivini əlamətdar gün münasibətilə təbrik edib. O, 118 nömrəli tam orta məktəbin təhsildə qazandığı uğurların məhz məktəbdə çalışan müəllimlərin sayəsində ərsəyə gəldiyini bildirib. Məktəbin direktoru müəllimi olmayan millətin gələcəyinin olmadığını vurğulayıb. Çıxışının sonunda ölkəmizin parlaq gələcəyi üçün sağlam düşüncəli gənclərin yetişməsində əvəzsiz xidməti olan müəllimlərə bir daha minnətdarlığını bildirib və tədbirin hazırlanmasında əməyi olan müəllimlərə-Ş.N.Həsənovaya və M.Ə.Qarayevaya təşəkkürünü bildirib. Tədbir çay süfrəsi arxasında davam edib və müəllimlərə hədiyyələr təqdim olunub.